Onlar müxtəlif vaxtlarda rayon qəzetinin redaktorları olmuşlar.

 

Hidayət Kazımov

Azay Həşimov

Cəfər Qarayev

Şükür Seyfullayev 

Murad Qoçuoğlu

    1932-ci il aprel ayının 12-də İmişli rayonunun sosial-mədəni həyatında yeni, mühüm hadisə baş vermişdir.

   Həmin vaxt hələ çox gənc olan rayonun ilk qəzeti nəşrə başlamışdır. "Qaradonlu kolxozçusu" adı ilə nəşrə başlayan bu qəzet demək olar ki, bütün fəaliyyəti boyunca rayonun siyasi, sosial-mədəni həyatının aynasına çevrilmlş, rayonda aparılan quruculuq işlərinin, ziyalı və zəhmətkeş həyatının, kənd təsərrüfatının, elm, səhiyyə, maarifçilik mədəniyyətinin salnaməsinə dönmüşdür.

   Məlumdur ki, 1938-ci ildə rayon mərkəzi Qaradonludan İmişliyə köçmüşdür və bununla əlaqədar olaraq qəzetin də adı dəyişilib "İmişli kolxozçusu" olmuşdur. Qəzet 1941-ci ilə kimi bu adla nəşr olunmuşdur. Lakin İkinci Dünya müharibəsinin yaratdığı çətinliklər nəticəsində rayon qəzeti müvəqqəti olaraq bağlanmış, 1944-cü ilin aprelində isə öz fəaliyyətini bərpa edərək, 1962-ci il martın 19-dək ardıcıl olaraq nəşr olunmuşdur. Rayonların birləşdirilməsi ilə əlaqədar olaraq 1962-ci ildən 1966-cı ilə qədər, təxminən 4 il rayonda qəzet çıxmamış, onun vəzifəsini qonşu Beyləqan (o vaxtkı Jdanov ) rayonunda çıxan "Yüksəliş" qəzeti yerinə yetirmişdir. Nəhayət, 1966-cı ilin aprel ayının 1-dən etibarən İmişlidə yenidən rayon qəzeti nəşrə başlamışdır.

   Öz nəşrinə "Qızıl Ulduz" adı ilə başlayan qəzet 1990-cı ilə qədər bu ad altında fəaliyyət göstərmiş, özünün ən mükəmməl, dolğun, əhatəli dövrünü yaşamışdır. Ardıcıl olaraq həmişə xalqın sözünü ifadə etməyə çalışan, hər cür yenilik və işgüzarlığı təbliğ etməklə yanaşı, cəmiyyətimizdə mövcud olan hər cür qüsurlara qarşı jurnalist mübarizəsində xalqa, geniş oxucu kütləsinə arxalanan bu qəzet özündən sonrakı dövr üçün əsaslı bazis yaratmış, peşəkar jurnalist kadrları yetişdirə bilmlşdir.

   1990-cı ildən qəzet "Xalq sözü " adı ilə nəşr edilir. Ayrı-ayrı vaxtlarda qəzetə rəhbərlik etmiş mərhum Cəfər Qarayevin və Şükür Seyfullayevin, vaxtı ilə bu qəzetin cəfakeş əməkdaşları olmuş mərhum Zülfüqar Miriyev, Təvəkkül Kamranov, Əlibala Həsənov, Kubra Bəşirova, Əli Məmmədov, Əli Əliyev kimi jurnalistlərin təcrübə ənənəsini uğurla davam etdirən Siyab Məmmədovla, Elman Bəşirovla,Tofiq Pənahovla, Arif Əliyevlə, Tərlan Xankişiyevlə, Əbdülkərim Paşayevlə, Zakir Abdullayevlə,Həsən Bilalovla, İsrafil Quliyevlə, Bayram Şahpələngovla, Şükür Rəhimovla, fəal müxbirlərdən Tərxan İbadullayevlə, Zeydulla Savalanovla, Malik Aranlıyla, Balay Məmmədovla və qəzetin araya-ərsəyə gəlməsində mətbəə işçilərindən hazırda dünyasını dəyişmiş Nəriman Nərimanovla yanaşı Zülfüqar Pənahovun, Xeyrulla Ağalarovun, Bəsti, Səliqə, Yaqut Hüseynova bacılarını və başqalarının zəhməti heç də az olmamışdır.    

   Kollektivləşmə və mədəni inqlab dövrünün ziddiyətli tufanından keçib gəlmiş, 37-ci ilin dəhşətlərini yaşamış, İkinci Dünya müharibəsinin ağrıları ilə baş-başa qalmış, Sosializm cəmiyyətinin Demokl qılıncından keçmiş, yenidənqurma deyilən səfsəfənin anlaşılmazlığında düzgün mövqedə dayanmış bir qəzet bütün dövrlərdə öz tarixinə kölgə sala biləcək, ləkə olacaq ucuz yolla getməmiş, qərəzsiz mövqedən çıxış etməmişdir. O, həmişə rayon ictimaiyyətinin maariflənməsinə, savadlanmasına, quruculuq və abadlaşdırma işlərinin genişlənməsinə rəvac vermək kimi xeyirxah əməllərə xidmət etmiş, dövlətimizin yüksək Qanun və qərarlarını durmadan təbliğ etmişdir.

   1941-1946-cı illərdə rayonda birinci katib işləmiş İbrahim Cəbi oğlu Səmədovun, 1978-1988-ci illərdə Qadir İsmayıl oğlu İsmayılzadənin rayonun mədəni, sosial inkişafında danılmaz xidmətləri olmuşdur. Qəzet həmişə bu cür yaradıcı, təşəbbüskar rəhbər işçilərin fəaliyyət yoluna işıq salmış, onların şərəfli ömür yolunu dönə-dönə xatırlatmışdır.

"Xalq sözü" qəzeti mətbuatın, jurnalistikanın müqəddəs ənənələrinə bundan sonra da sadiq qalmaqla dövlət və xalq qarşısında öz şərəfli borcunu ləyaqətlə yerinə yetirəcək, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənib inkişaf etdirilməsində fəal təbliğatçılardan biri kimi fəaliyyət göstərəcək, ən başlıcası, yenə də sevimli qəzet olaraq qalacaqdır.

                        

 

                1932                   1938                                            1962                                    1966

 

 

Сайт создан в системе uCoz